
16–20 may 2025-ci il tarixlərində Azərbaycan Rəssamlıq Akademiyasının nümayəndə heyəti — tədris işləri üzrə prorektor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Afət Aslanova və “İncəsənət tarixi” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rayihə Məmmədli — A.L.Ştiqlits adına Sankt-Peterburq Dövlət Bədii-Sənaye Akademiyasına rəsmi səfər etmişdir.
Səfər hər iki ali təhsil müəssisəsi arasında 29 aprel 2025-ci il tarixində imzalanmış əməkdaşlıq haqqında sənədin davamı olaraq reallaşmışdır. Əməkdaşlığın əsas məqsədi təcrübə mübadiləsi, təhsil və yaradıcılıq sahəsində birgə layihələrin təşkili, eləcə də qarşılıqlı elmi-mədəni əlaqələrin genişləndirilməsidir.
Səfər çərçivəsində nümayəndələr Akademiyanın Tədris Muzeyində nümayiş olunan ekspozisiya ilə, o cümlədən rəsm və dekorativ-tətbiqi sənət üzrə ixtisaslaşmış unikal kolleksiyalarla tanış olmuşlar. Həmçinin “Rəngkarlıq”, “Bərpa”, “Heykəltəraşlıq”, “Sənətşünaslıq”, “Bədii metal”, “Sənaye dizaynı” və digər kafedraları ziyarət edərək tədris prosesinin əsas mərhələlərini yaxından izləyiblər.
Görüşlər zamanı Azərbaycan nümayəndələri Ştiqlits Akademiyasının tələbələri ilə ünsiyyət qurmuş, qarşılıqlı təcrübə və fikir mübadiləsi aparmışlar. Akademiyanın rektoru Anna Kislitsina ilə keçirilən görüşdə s.ü.f.d., dosent Afət Aslanova və s.ü.f.d., dosent Rayihə Məmmədli tələbə və müəllim mübadiləsi proqramları, həmçinin birgə elmi və yaradıcılıq layihələrinin həyata keçirilməsi imkanları barədə müzakirə aparıblar.
Səfər çərçivəsində Azərbaycan tərəfi, xüsusilə rəngkarlıq və bərpa sahəsində zəngin təcrübəyə malik Ştiqlits Akademiyasının müəllimlərinin metodiki dəstəyinin önəmini vurğulamış və bu istiqamətdə əməkdaşlığın məqsədəuyğunluğu qeyd olunub.
Comments are closed