Azərbaycan Rəssamlıq Akademiyasının yaranmasının 25-ci ildönümü münasibətilə akademiyanın Muzey-Sərgi Kompleksində Memarlıq və Dizayn fakültəsində təhsil alan tələbələrin yaradıcılıq işlərindən ibarət sərgi keçirilib.
Sərgidə “Memarlıq” və “Dizayn” kafedralarının qrafik dizayn, sənaye dizaynı, interyer dizaynı, geyim dizaynı və memarlıq sahələri üzrə tələbələrinin 130-dan artıq layihə və maketi nümayiş olunub. Ekspozisiyada müasir şəhər mühitinə dair memarlıq layihələri, funksional və estetik baxımdan yenilikçi dizayn nümunələri, milli motivləri əks etdirən geyim konseptləri, gündəlik əşyaların yenidən düşünülmüş formaları və interyer kompozisiyaları yer alıb. Bu işlər tələbələrin yalnız texniki bacarıqlarını deyil, vizual düşüncə tərzlərini və yaradıcı yanaşmalarını da nümayiş etdirir.
Tədbirin açılış mərasimində Azərbaycan Rəssamlıq Akademiyasının rəhbərliyi, müəllim və tələbə heyəti, eləcə də bir sıra rəsmi qonaqlar iştirak ediblər.
Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev çıxış edərək akademiyanın 25 illik yubileyi münasibətilə tədbirlər planı çərçivəsində belə bir təqdimatın keçirilməsinin xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. Rektor qeyd etdki ki, sərgidə tələbələrin sərgilənən əl işləri təhsil prosesində əldə olunan bilik və bacarıqların nümayişi ilə yanaşı, digər tərəfdən gənc memar və dizaynerlərin cəmiyyətə təqdimatıdır.
Daha sonra “Dizayn” kafedrasının müdiri, professor Faiq Dadaşov kafedranın fəaliyyət istiqamətləri, tələbə uğurları və tədris prosesindəki yeniliklər barədə çıxış edib. “Dizayn” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Abdullayeva isə qrafik dizayn sahəsindən, xüsusilə minimalizmin əsas funksiyalarından bəhs edib.
Tədbirdə iştirak edən Xalq rəssamı, Mədəniyyət və İncəsənət Universitetinin “Dizayn və dekorativ-tətbiqi sənət” kafedrasının müdiri, professor Arif Əziz çıxışında Azərbaycan dizayn məktəbinin 1970-ci illərdən formalaşmağa başladığını, bu sahənin bu gün xüsusi inkişaf etdiyini qeyd edib.
Memarlıq və İnşaat Universitetinin “Dizayn” fakültəsinin dekanı, memarlıq üzrə fəlsəfə doktoru, dosent Fərid Kərimov tələbə layihələrinin müasir tələblərə cavab verdiyini vurğulayıb.
“Geyim dizaynı” kafedrasının müdiri, dosent Nazim Yunusov çıxışında tələbələrin hazırladığı layihələrin geyim dizaynında funksionallıqla estetik yanaşmanı uğurla birləşdirdiyini qeyd edib. “Memarlıq” kafedrasının müdiri, s.ü.f.d., dosent Gülər Məmmədova çıxışında kafedranın 25 il ərzində keçdiyi sənət və inkişaf yolundan bəhs edərək, bu illər ərzində formalaşmış peşəkar ənənələrin, yaradıcı yanaşmanın və milli memarlıq dəyərlərinə sadiqliyin önəmini vurğuladı. O, tələbə işlərini kafedranın yaradıcılıq potensialının göstəricisi kimi dəyərləndirdi.
Kafedranın baş müəllimi, ustad memar Malik Babayev isə çıxışında sərginin gənc memarların dünyagörüşünü, layihə quruculuğunda sərbəst düşüncə və müasir yanaşma tərzlərini əks etdirdiyini qeyd etdi. O, bu cür tədbirlərin tələbələrin yaradıcılıq potensialını üzə çıxarmaqda və gələcək peşəkar fəaliyyətlərinə motivasiya verməkdə mühüm rol oynadığını bildirdi.
Sərginin məqsədi Memarlıq və Dizayn fakültəsində təhsil alan tələbələrin nəzəri biliklərini praktik yaradıcılıqla birləşdirərək ərsəyə gətirdikləri layihələrin peşəkar mühitdə təqdim olunmasıdır.
Sərgi 31 may 2025-ci il tarixinədək davam edəcək.

Comments are closed