Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür. Azərbaycan oftalmologiya elminin inkişafında misilsiz xidmətləri olan Zərifə Əliyeva, öz elmi fəaliyyəti ilə ölkəmizdə bu sahənin yüksəlişinə mühüm töhfələr vermişdir.Zərifə xanım vaxtilə Azərbaycanda geniş yayılmış traxoma və peşə xəstəlikləri nəticəsində yaranan göz problemlərinin tədqiqi, profilaktikası və müalicəsi ilə bağlı dəyərli araşdırmalar aparmış, oftalmologiyanın aktual problemlərinə dair sanballı elmi işlərə imza atmışdır. Onun bir çox tədqiqatları görmə orqanında bədxassəli şişlərin diaqnostika və müalicəsinə həsr olunub.»Göz sulanmasının fiziologiyası» və «Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi» adlı monoqrafiyaları yalnız oftalmoloqların deyil, fizioloqların da diqqətini cəlb etmişdir. Eyni zamanda, «Terapevtik oftalmologiya», «İridodiaqnostikanın əsasları» kimi nadir elmi əsərlərin həmmüəllifi olmuş, 12 monoqrafiya, dərslik və dərs vəsaitlərinin, 150-yə yaxın elmi məqalənin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.Zərifə Əliyeva ömrünü insanlara xidmətə həsr etmiş, elmi biliklərlə yanaşı, insanpərvərliyi, qayğıkeşliyi və nümunəvi ana obrazı ilə də yaddaşlara həkk olunmuşdur. Onun əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.

Comments are closed