Наш музей

Muzey-Sərgi Kompleksi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yarandığı gündən onun nəzdində təhsil prosesinin ayrılmaz bir hissəsi kimi fəaliyyət göstərmişdir. Muzey öz sərgi zallarını mükəmməl, istedadlı, yüksək səviyyəli incəsənət əsərlərinin ekspozisiyasını təqdim etməklə, Akademiyanın müəllim və tələbələrinin ustalığını nümayiş etdirir və eyni zamanda tədris metodikasının təhlili, əldə edilmiş nailiyyətlərin  dərk edilməsi və peşəkarlıq səviyyəsinin inkişafı üçün münbit şərait yaradır. Azərbaycan Rəssamlıq Akademiyası Muzey-Sərgi Kompleksi 2008-ci ildə fəaliyyətə başladığı andan etibarən ənənəvi və müasir Azərbaycan incəsənətini fəal surətdə təbliğ edir. Hər il ekspozisiyaya əlavə olunaraq, daimi ekspozisiyada nümayiş edilən əsərlər Akademiyanın müəllim, tələbə və məzunlarının rəngkarlıq, heykəltəraşlıq, qrafika, dekorativ-tətbiqi incəsənət, dizayn və memarlıq əsərlərindən ibarətdir. Hazırda muzeydə sərgilənən vernisaj ənənəvi və müasir təsviri sənət və memarlıq nümunələrinin, demək olar ki, bütün növlərini təmsil edən 800-ə yaxın eksponatı özündə cəmləşdirir. Muzey 4 zaldan ibarətdir: I zal antik, II sərgi salonu, III dekorativ tətbiqi sənət, IV zal rəngkarlıq və qrafika, qalereya və qapalı sərgi salonu. Ekspozisiya sərgi zallarından kənara çıxaraq, Rəssamlıq Akademiyasının bütün interyerini əhatə edir.

Hər il muzeydə diplom və ya magistr işlərinin açıq müdafiəsi, Akademiyanın tələbə və müəllimlərinin fərdi, qrup və tematik sərgiləri keçirilir. Müasir Azərbaycan və dünya incəsənətinin görkəmli xadimlərinin sərgiləri yaradıcı gənclər üçün əsl sənət məktəbi olmuşdur.

Tələbələrin sənət sahələrini genişləndirmək məqsədilə, Rəssamlıq Akademiyası xarici ölkələrin incəsənət və memarlıq akademiyaları və institutları ilə sıx əməkdaşlıq edir, müəllim və tələbələrin xarici ölkələrdə sərgilərini təşkil edir, onları ixtisas üzrə təcrübə keçməyə göndərir və simpoziumlarda iştirakını təmin edir. Bundan başqa, tanınmış xarici incəsənət xadimlərinin sərgi və ustad dərslərinin Azərbaycan Rəssamlıq Akademiyasında keçirilməsi xoş bir ənənəyə çevrilmişdir.

Muzeydə Almaniya, ABŞ, Türkiyə, İsrail səfirlikləri tərəfindən bir sıra müsabiqələr təşkil edilmişdir. Ən uğurlu əsərlərin müəllifləri üçün Almaniya və Türkiyədə ixtisas üzrə təcrübə keçmək və ekspozisiyalarını nümayiş etdirmək imkanı yaranmışdır.

Daimi olaraq beynəlxalq əlaqələrin genişləndiriməsi naminə, Akademiya rəhbərliyi  geniş ictimai auditoriya və tələbələr üçün xarici ölkələrin çox saylı təsviri sənət  sərgilərininin təşkilinə səy göstərir. Akademiyada sərgilərin açılışı ənənəvi olaraq nazirlik və ictimai təşkilatlar, səfirlik və beynəlxalq humanitar nümayəndəliklərinin iştirakı ilə keçirilir. Bütün tədbirlərimiz  - sərgi, simpozium, konfrans və müsabiqələr KİV ilə geniş yayımlanır və Bakıda akkreditə olunmuş xarici informasiya mərkəzləri tərəfindən xüsusi olaraq dəstəklənir.

2012-ci ildən bugünədək Akademiyanın Muzey –Sərgi kompleksində 70-dən artıq sərgilər təşkil olunmuşdur. Rəssamlıq Akademiyası beynəlxalq festivalların keçirilməsində təşəbbüs göstərmişdir. Ənənəvi olaraq hər il may - iyun aylarında Uşaqların Beynəlxalq Müdafiəsi günləri ərəfəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində “Saf rənglər” adlı Beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalı keçirilir. Festival beynəlxalq xarakter daşıdığı üçün müsabiqədə ölkəmizdə fəaliyyət göstərən rəssamlıq studiyaları, incəsənət məktəbləri ilə yanaşı bir çox xarici ölkələrdən uşaq və yeniyetmələrin (3 yaşdan 16 yaşa qədər) təsviri sənətin bütün janrları üzrə əl işləri nümayiş olunur. Saf rənglər” Beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalı 37 ölkədən 700 gənc istedadlının iştirakı ilə artıq 2016-cı ildə dördüncü ilini qeyd etdi.

“Saf rənglər” festivalının yaradılması və sonrakı işlərində  Misir Səfirliyi və Bakıdakı Misir Mədəniyyət Mərkəzinin xüsusi rolunun əlaməti olaraq Misir bu fəxri statusa layiq olan birinci ölkə oldu. 2016-ci il Azərbaycan-Misir dostluğu kimi qeyd olunur və biz bu humanitar sahədə əməkdaşlığımızın genişləndirilməsi üçün öz qatqımızı təqdim etməyə çox şad olduq. Festivalın ənənəsinə uyğun olaraq Misirdən sonra bu təşəbbüsü Belarus Respublikası davam etdirdi. Bakıdakı Belarus Respublikasının səfirliyi ilə birlikdə Azərbaycanla dostluq və mədəni əlaqələrin inkişafına böyük töhfə vermiş Belarus Respublikası uşaq və gənclərin milli yaradıcılıq mərkəzi festivalın daimi və ən fəal iştirakçılarından biridir. 12 yanvar 2017-ci il Belarus Respublikası “Uşaq və Gənclərin Milli Yaradıcılıq Mərkəzi” ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası arasında mövcüd sözləşməyə əsasən Minsk şəhərində yerləşən yaradıcılıq mərkəzində “Saf rənglər” Beynəlxalq uşaq və gənclərin yaradıcılıq festivalının açılış mərasimi keçirilmişdir. Sərgidə 28 ölkədən 271 rəsm işi nümayiş olunmuşdur.

2017-ci il 14-17 mart tarixlərində ADRA Muzey-Sərgi Kompleksində keçirilən “Novruz - multikultural dəyərlər və dünya dinlərinin kontekstində” adlı konfrans-festival müxtəlif coğrafi və mədəni regionlardan ibarət 7 iştirakçı ölkələri – Azərbaycan, Yaponiya, Misir, Küveyt, Hindistan, İran, İraq və Pakistanı birləşdirmişdir.

3-12 may tarixlərində Azərbaycanda xalçaçılığın inkişafına və ənənələrin qorunub saxlanılmasına xüsusi diqqət ayırmış Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Müasirlik və ənənə” adlı konfrans-sərgi keçirilmişdir. Sərgidə Rəssamlıq Akademiyasının xalçaçılıq sənətinin müasir əsərlərindən ibarət kolleksiyasından təxminən 100-dən artıq eksklüziv xalça məmulatı və eskizlər nümayiş olunmuşdur.

Uşaq və gənclərlə aparılan işlərlə yanaşı, Azərbaycan Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksi xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmağı da əsas istiqamətlərdən biri hesab edir. Muzey təmannasız olaraq sərgi salonlarını əlil uşaqlara təqdim etməklə, ekspozisiya, ustad dərsləri və digər tədbirlərin keçirilməsi üçün imkan yaradır.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər planı”na əsasən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatı dəstəyi ilə yaradıcı gənclər arasında 12-22 may 2017-ci il tarixində IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Atletlər kəndində  “Tolerant gənclik” beynəlxalq təsviri və dekorativ tətbiqi sənət müsabiqəsi həyata keçirilmişdir. Müsabiqədə yerli və eyni zamanda dünyanın müxtəlif ölkələrindən olan yaradıcı gənclərin iştirakı nəzərdə tutulmuşdur. Ölkəmizdə “Mutikulturalizm ili” çərçivəsində keçirilən müsabiqə dünya gəncləri arasında multikulturalizm və tolerantlığı təbliğ etmək, onlar arasında tolerantlığı daha da möhkəmləndirmək, dostluq, əməkdaşlıq  münasibətlərinın yaradılmasına nail olmaq və müxtəlif ölkələrin milli-mənəvi dəyərlərini incəsənət əsərləri vasitəsilə gənc nəslə çatdırmaq məqsədi daşıyır. Müsabiqənin yekununa dair keçirilmiş sərgidə müxtəlif ölkələri təmsil etmiş yaradıcı gənclər öz əsərləri vasitəsilə dünyaya dostluq mesajı vermiş oldular. 

27 may 2017-ci il saat 17:00 tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının  Muzey-Sərgi Kompleksində “Yeni nəsil” və “Liderland” tədris müəssisələri üzvlərinin “Rənglərin ilk addımı” rəsm sərgisi keçirilmişdir.

Sərginin əsas məqsədi uşaqların dünyaya baxışları, rəng duyumları, onların milli-mənəvi dəyərlərlə bağlı düşüncələri və vətənpərvərlik hisslərinin ifadəsi olaraq rəsmlərinin nümayiş etdirilməsi vasitəsi ilə həmyaşıdlarına təbliğini təmin etmək, yaddaşlarda hifz edilən mübarizə əzmini bu gün bir daha nümayiş etdirmək, Müstəqil Azərbaycan anlayışının mətinliyini, dönməzliyini göstərməyə çalışmaqdır.

4 iyun 2017-ci il saat 15:00 tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının  Muzey-Sərgi Kompleksində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “Talant” Tədris Mərkəzinin Rəsm dərnəyinin tələbələrinin əl işlərindən ibarət “İstedadlı əllər”  rəsm sərgisi keçirilmişdir.

Sərginin əsas məqsədi uşaqlara qayğı, onların qorunması, dünyaya baxışları, rəng duyumları və milli-mənəvi dəyərlərlə bağlı düşüncələrini çəkilmiş rəsmlər vasitəsi ilə həmyaşıdlarına nümayiş etdirməkdir.

20 oktyabr saat 12:00-da Rəssamlıq Akademiyasında Yaponiyanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə məşhur yapon işıqlandırma dizayneri Daisuke Yano tərəfindən mühazirə və təlim keçirilmişdir. Tədbirin mövzuları: Yapon işıqlandırma dizaynı haqqında (mühazirə), Yapon düşüncəsində işıq (mühazirə), Yapon kağızı (vasi) və işıq (təlim).

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində 17 noyabr 2017-ci il saat 16:00-da  həvəskar rəssam Cəmilə  Piriyevanın “Karma” adlı ilk fərdi sərgisi keçirilmişdir. Rəssamın yaradıcılığında müxtəlif mövzu və janrlara aid əsərlərə rast gəlmək olar. Cəmilə Piriyeva əsasən abstrakt, portret, sürrealizm və illüstrasiya janrlarında işlədiyi tabloları xüsusi maraq doğurur. “Sevginin rəngləri”,  “Eşq şərabı”, “Soyuq əllər”, və digər əsərləri rəssamın özünəməxsus poetik ruhunu əks etdirir. Cəmilə Piriyevanın yaratdığı portret nümunələri də fərqliliyi ilə seçilir. “Susmuş qadın”, “Məsum qadınlar”, “Çobanyastığı ilə qadın” və s. misal göstərmək olar.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində 5 dekabr 2017-ci il saat 12:00-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin tələbəsi rəssam Fərəcova Nərminin "Suyun rəngli yuxuları"adlı ebru sərgisi keçirilmişdir.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksinin sərgi salonlarında noyabrın 21-dən dekabrın 5-dək rəssam və ictimai xadim Müslüm Eldarovun (1956-2003) xatirəsinə həsr olunmuş sərgi keçirilmişdir. Açılış proqramı: sənədli filmə baxış, Müslim Eldarovun dostları və həmkarları ilə görüş, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarovun tələbələrə müraciəti, Müslim Eldarovun heykəltəraşlıq, rəngkarlıq və qrafikanın müxtəlif janrlarında yaratdığı 94 əsərinin təqdim edildiyi sərgi ilə tanışlıq. Ekspozisiyaya həmçinin sənədli fotoşəkillər də daxildir.  Ümumilikdə sərgidə 122 eksponat nümayiş olunmuşdur.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində 8 dekabr 2017-ci il tarixində İran rəssamlarının “Müharibə və sülh” adlı sərgisi keçirilmişdir. Sərgi Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və İran İslam Respublikasında fəaliyyət göstərən Sayed Amin Akhzarinin rəhbərlik etdiyi  “Hoonam Art Academy”nin birgə təşəbbüsü ilə keçirilmişdir. Sərginin əsas məqsədi Azərbaycan və İran arasındakı mədəni əlaqələri möhməkləndirmək və daha da inkişaf etdirməkdir. Dostluq sərgisində dəfələrlə bir çox beynəlxalq sərgilərdə iştirak etmiş 55 rəssamın 70-ə yaxın qarışıq texnikada işlənmiş əsərləri təqdim olunur. Sərgidə nümayiş olunan əsərlər müxtəlif üslub və motivləri əhatə etsə də, əsərlərdə insan və cəmiyyətin problemlərini, həmçinin dünyada və insanın daxilində baş verən müharibə və qarşıdurmaları əks etdirən sujet xətti də yer almaqdadır. Bununla yanaşı sərgidə portret, mənzərə və digər janrlarda işlənmiş əsərlərlər nümayiş olunmuşdur.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksinin sərgi salonlarında 15 yanvar saat 11:30 tarixində Azərbaycanda Rumıniya Mədəniyyət Günlərinin qeyd edilməsi ilə əlaqədar olaraq Rumın heykəltaraşı Konstantin Brankuzinin (1876-1957) işlərinin fotolarından ibarət “Konstantin Brankuzi - Zaman üzərində tağ” adlı fotosərgisi keçirilmişdir. Sərgi Rumıniyanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşəbbüsü ilə həyata keçirilmişdir. Sərginin əsas məqsədi Azərbaycan və Rumıniya arasındakı mədəni əlaqələri möhməkləndirmək və daha da inkişaf etdirməkdir.

26 yanvar 2018-ci il tarixində Bakıda artıq 2-ci dəfə “Yaşıl İncəsənət” rəsm-sərgi müsabiqəsi baş tutub. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi Səkinə Həsənova və ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN” təşəbbüsü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, İmprotex Motors, Garden Shop-un təşkilatı dəstəyi ilə “Yaşıl İncəsənət” 2018 rəsm sərgi-müsabiqəsi həyata keçirilib. Layihənin əsas məqsədi müasir incəsənətdə mənzərə və natürmort janrlarının rolunu, əhəmiyyətini artırmaq, ətraf mühitin mühafizəsinə, Azərbaycanın relikt flora və fauna nümunələri, təbiət qoruqlarının bənzərsiz gözəlliklərinə maraq və diqqəti cəlb etməkdir. Tədbirdə sərgilənmiş mənzərə və natürmort janrlarınnda təbiəti əks etdirən 70 rəsm əsəri münsiflər heyəti tərəfindən qiymətləndirildikdən sonra 3 ən yaxşı rəsm və 15 fərqlənən əsərinin müəlliflərinə xüsusi diplom və pul mükafatları təqdim edilib.

22 fevral 2018-ci il Misir Ərəb Respublikasının Bakıdakı Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası arasında mövcüd sözləşməyə əsasən Bakı Şəhərində yerləşən mərkəzində “Saf rənglər” Beynəlxalq uşaq və gənclərin yaradıcılıq festivalının nümayişi keçirilmişdir. Sərgidə 28 ölkədən 271 rəsm işi nümayiş olunmuşdur.

4 mart 2018-ci il tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində rəssam Ayla İnsanovanın “Rosentag” adlı fərdi sərgisi keçirilmişdir. Sərgidə rəssamın 50-dən artıq işi nümayiş olunmuşdur.

10 aprel 2018-ci il  tanınmış iş adamı, Aznar şirkətinin sahibi Fərhad Əhmədov Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində keçirilmiş Aznar sərgisinin açılışında iştirak edib. Açılışda Rəssamlıq akademiyasının rektoru, akademik Ömər Eldarov, beynəlxalq əlaqələr üzrə prorektor, profesor Səlhab Məmmədov, Elmi və yaradıcılıq işləri üzrə prorektor profesor Fuad Salayev,Tədris işləri üzrə prorektor Azad Zeynalov iştirak etmişlər. Həmçinin Elmi şuranın qərarına əsasən Cənab Fərhad Əhmədov Akademiyanın "Fəxri Doktor" adına layiq görülmüşdür.

17 aprel 2018-ci il saat 12:00-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində Türkiyə Cümhuriyyəti Bursa Böyükşəhər Bələdiyyəsinin nəzdində fəaliyyət göstərən BUSMEK (Bursa Büyükşehir Belediyesi Sanat ve Meslek Eğitim Kursları ) inventarında mövcud olan “Türk İslam Sənətləri Sərgisi” keçirilmişdir. Sərgi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Türk mədəniyyətinin Azərbaycanda ən böyük təmsilçilərindən biri hesab edilən Bakı Yunus Emre İnstitutu və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşəbbüsü ilə keçirilmişdir. Sərginin əsas məqsədi Ulu Öndər Heydər Əliyevin "İki dövlət bir millət" ifadəsinə əasaslanaraq, iki cəmiyyət arasındakı mədəni əməkdaşlığı inkişaf etdirmək, ortaq milli dəyərlərimizi təbliğ etmək və onlara sahib çıxmaqdır. Sərgidə müxtəlif janr və texnikalarda işlənmiş ( ebru sənəti, təzhib, keramika, filoqrafi, xəttatlıq, xalçaçılıq və.s) 80-dən artıq əsər nümayiş olunmuşdur. Sərgidə nümayiş olunan əsərlər müxtəlif üslub və motivləri əhatə etsə də, əsərlərdə türk islam sənətinin tarixi haqda məlumat yer almışdır.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 10 may tarixində müasir Azərbaycan memarlığının qurucusu, böyük şəxsiyyət, Azərbaycanın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Azərbaycan və azərbaycanlılar” adlı elmi konfrans və ADRA-nın tələbələrinin yaradıcılıq işlərindən ibarət sərgi keçirilmişdir. Konfrans-sərginin proqramına daxildir: elmi konfrans (10 may saat 11:00 ADRA-nın Akt zalı) və sərginin açılışı ( 10 may 12:30 ADRA Muzey-Sərgi Kompleksi). Nümayiş olunan əsərlər müxtəlif texnika və üslubları əhatə etmişdir. Sərgilənən əsərlər rəngkarlıq, qrafika, qobelen və digər üslublarda nümayiş olunmuşdur. Sujet xətti olaraq, ümummilli lider Heydər Əliyevin portretlərini əks etdirən rəsmlərlə yanaşı, Azərbaycanın görkəmli şəxsiyyətləri, zəngin təbiəti, tarixi abidələri, dünəni və bugününü tərənnüm edən sənət nümunələri sərgilənmişdir.  10 may saat 11:00-da baş tutmuş konfrans-sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rima Qafarzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mətanət Nəsirova, tarix üzrə fəlsəfə doktoru Sevinc Vahabova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Samir Sadıqov çıxış etmişlər.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 24 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş konfrans və ADRA-nın tələbələrinin yaradıcılıq işlərindən ibarət sərgi keçirilmişdir. Konfrans-sərginin proqramına daxildir: elmi konfrans (24 may saat 11:00 ADRA-nın Akt zalı) və sərginin açılışı ( 24 may 12:30 ADRA Muzey-Sərgi Kompleksi). Nümayiş olunan əsərlər müxtəlif texnika və üslubları əhatə etmişdir. ADRA-nın tələbələrinin yaradıcılıq işlərindən ibarət əsərlər rəngkarlıq, qrafika və digər üslublarda nümayiş olunmuşdur. Sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin portretləri, zəngin təbiəti, tarixi abidələri, dünəni və bugününü tərənnüm edən sənət nümunələri nümayiş olunmuşdur. 24 may saat 11:00-da baş tutmuş konfrans-sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov, Nuranə Səlimli “Azərbaycan Xalq Cümhuriyyətinin mədəniyyət siyasəti”; sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rima Qafarzadə “Xalq Cümhuriyyətinin demokratik ənənələri”; tarix üzrə fəlsəfə doktoru Sevinc Vahabova “Hürriyətimizin inciləri”; sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Samir Sadıqov “Təsviri sənətdə Cümhuriyyət” adlı mövzularda  çıxış etmişlər.

25 may 2018-ci il saat 17:00 tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının  Muzey-Sərgi Kompleksində “Yeni nəsil” tədris müəssisəsinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-sərgi Kompleksinin birgə həyata keçirdikləri “Rənglərin ilk addımı” adlı rəsm sərgisi keçirilmişdir. Sərginin əsas məqsədi uşaqların dünyaya baxışları, rəng duyumları, onların milli-mənəvi dəyərlərlə bağlı düşüncələri və vətənpərvərlik hisslərini rəsmlərinin nümayiş etdirilməsi vasitəsi ilə həmyaşıdlarına təbliğ etməkdir. Sərgidə “Yeni nəsil” tədris müəssisinin şagirdlərinin sulu boya, qrafika, quaş, yağlı boya ilə işlənmiş 50-dən artıq əsəri nümayiş etdirmişlər. Nümayiş olunacaq rəsmlər arasında portret və mənzərə janrı üstünlük təşkil etmişdir. Eyni zamanda “Yeni nəsil” tədris müəssisində fəaliyyət göstərən Rəsm dərnəyinin müəlliməsi – Azərbaycan Rəssamlar İttifaqının üzvi Rəxdari Sahilənin əsərləri nümayiş etdirilmişdir.

2018-ci il 12 iyun saat 12:00-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində “Saf rənglər” V Beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalının açılış mərasimi keçirilmişdir. Festival Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşəbbüsü ilə keçirilmişdir. Bu il Təşkilat komitəsinin təsdiq edilmiş planına uyğun olaraq iyun ayında festivala start veriləcək, konkursa daxil olan materiallara ilkin baxış keçiriləcək və  festivalın münsiflər heyyəti və daimi işçi qrupu öz fəaliyyətinə başlayacaqdır. Sentyabr ayında münsiflər heyyəti tərəfindən seçilmiş işlərdən ibarət vernisajın bağlanış mərasimi, konkursda 3 yaş qrupu üzrə 7 nominasiyada qaliblərin mükafatlandırılması, uşaq bayramı və ustad dərsləri keçiriləcəkdir.

26 sentyabr tarixinədək “Saf rənglər” festivalının beynəlxalq münsiflər heyəti - Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Elm və yaradıcılıq işləri üzrə prorektor, münsiflər heyətinin sədri Fuad Salayev, British Counsulun Ölkə üzrə direktoru Elizabet Vayt, Meksika səfirliyinin nümayəndəsi Edit Orteqa, Misir səfirliyinin nümayəndəsi Inas Abdelhadi Eissa, Rusiya nümayəndəsi Natalya Kornetova, TİSA (The International School of Azerbaijan) nümayəndəsi Nicola Beale festivala təqdim olunan rəsm işlərinin 7 nominasiya üzrə qiymətləndirilməsini bitirəcəklər. Festivalın rəsmi bağlanış mərasimi və 3 yaş qrupu üzrə 7 nominasiyada qaliblərin mükafatlandırılması 2018-ci il 24 sentyabrdan 8 oktyabr tarixinədək Azərbaycan Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində keçirilmişdir.

2018-ci il 8 oktyabr tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində “Saf rənglər” adlı V Beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalının təntənəli bağlanış mərasimi və 3 yaş qrupu üzrə 7 nominasiyada qaliblərin mükafatlandırılması keçirililmişdir. Bu il müsabiqədə 42 ölkədən uşaq və yeniyetmələr iştirak edir, Azərbaycandan 23 studiya və məktəbləri öz nailiyyətlərini nümayiş etdirmiş və 720 iştirakçı 1069 rəsm işi təqdim etmişlər. 21 iyul 2018-ci il Azərbaycan Rəssamlıq Akademiyası və Rusiya Federasiyası Omsk vilayətinin Gənclər, Bədən Tərbiyəsi və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Omsk vilayətinin A.S Puşkin adına Dövlət Elmi Kitabxanasının “Daça Oneqina” gənclər məkanında “Mən dostlarımın əhatəsində” festivalı çərçivəsində “Saf rənglər” 2016-2018 ekspoziyasının nümayişi keçirilmişdir. Həmçinin qeyd etmək istəyirik ki, festivalın ekspozisiyasına daxil olan rəsm işləri növbəti dəfə 28 sentyabr 2018-ci il tarixində Rusiya Federasiyasının Barnaul şəhərində nümayiş olunmuşdur.

22-24 noyabr 2018-ci il Hindistanın Şillonq şəhərində “Metropilis” – şəhər qış festivalı çərçivəsində “Saf rənglər” 2016-2018 ekspoziyasının nümayişi keçirilmişdir.

Azərbaycan  Dövlət  Rəssamlıq  Akademiyasının Muzey-Sərgi Kompleksində 19 oktyabr 2018-ci il saat 12:00-da  xalq rəssamı,  Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Arif Hüseynovun 75&75 adlı yubiley sərgisi keçirilmişdir. Sərgidə rəssamın 75 illik yubileyi  münasibətilə simvolik olaraq 75 əsəri nümayiş olunmuşdur. Sərgi Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Muzey-sərgi kompleksi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşəbbüsü ilə həyata keçirilmişdir.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində 2018-ci il 23 noyabr saat 17:00-da “Birlik” adlı beynəlxalq sərgi keçirilmişdir.

Sərgi Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərin birgə təşəbbüsü ilə həyata keçirilmişdir.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Muzey-Sərgi Kompleksinin dünyanın bir sıra peşəkar nüfuzlu rəssamlarının, o cümlədən, həvəskar rəssamların sərgisini birlikdə  təşkil etməkdə əsas məqsədi “Saf rənglər” V Beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalının təşkilində göstərdikləri köməkliyə təşəkkür xarakteri daşıyır. 


ADRA Museum and Exhibition Complex

TELEFON: +99412 566 56 69; +99412 567 64 08

http://www.azra.edu.az/

https://www.facebook.com/ADRA-Museum-and-Exhibition-Complex-431301570288389/