Fakültələr

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında respublikanın ən tanınmış heykəltaraş və rəngkarları, qrafik və dizaynerləri, dekorativ- tətbiqi sənətin müxtəlif sahələrinin ən tanınmış nümayəndələri çalışır.Bugün çoxprofilli tədris ocağı olan akademiyada 7 ixtisas və 20 ixtisaslaşma üzrə yüksək ixtisaslı rəssam kadrları hazırlanır. Akademiyanın məzunlarının yiyələndikləri bilik və bacarıqlar onlara təsviri sənətin bütün sahələrində çalışmaq imkanı verir.

Hal-hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Təsviri sənət” və “Sənətşünaslıq” fakültələri və “Rəsm”, “Qrafika”, “Rəngkarlıq”, “Heykəltaraşlıq”, “Dizayn”, “Geyim dizaynı”, “Dekorativ – tətbiqi sənət”, “Memarlıq”, “İncəsənət tarixi”, “Humanitar və ictimai fənlər” kafedraları təşkil edir. Ölkəmizdə gedən genişmiqyaslı şəhərsalma işləri, zamanın sosial tələbatı rəssam təfəkkürlü memarlara ehtiyac olduğunu üzə çıxardı. 2001- ci ildə rektor, akademik Ömər Eldarovun təşəbbüsü ilə Rusiya Rəssamlıq Akademiyasının təhsil sistemi nümunəsi əsasında ilk dəfə respublikada “Rəssam- memar” kadrları hazırlığına başlandı.

Akademiyada xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil ancaq əyanidir.

Sənətşünaslıq ixtisası üzrə təhsil həm əyani, həm də qiyabidir.

Bakalavr pilləsi üzrə rəngkarlıq, heykəltaraşlıq, qrafika ixtisasları üzrə təhsil 5 il, dekorativ- tətbiqi sənət, memarlıq, dizayn və sənətşünaslıq ixtisasları üzrə 4 ildir. Magistratura pilləsində təhsil 2 ildir. Həm bakalavr, həm də magistrlara diplom işini yerinə yetirmək üçün fərdi emalatxanalar ayrılır.

Rəngkarlıq, heykəltaraşlıq, qrafika ixtisasları üzrə tələbələr II kursu bitirdikdən sonra  ixtisas dərslərini öz seçimlərinə görə akademik, professor və ya Xalq rəssamlarının rəhbərlik  etdiyi yaradıcılıq emalatxanalarında (studiyalarda) davam etdirirlər.

Rəngkarlıq, rəsm, kompozisiya fənləri ilə bərabər xüsusi hər yaradıcılıq emalatxanasının (studiyanın) fərdi, öz proqramı var. Studiyalarda canlı model ilə işə üstünlük verilir. “Memarlıq və dizayn” fakültəsində ixtisaslaşma seçimi II kursdan başlayır.

Akademiyada dərslər yaxşı təchiz olunmuş auditoriyalar, emalatxana,  laboratoriya və studiyalarda aparılır. Tələbələr müəllimlərin rəhbərliyi ilə plenerdə işləyir, Milli incəsənət muzeyində, Muzey mərkəzi, digər muzey və qalereyalarda, Botanika bağında təcrübə keçirlər. Hər semestrin sonunda tələbələrin bilik və bacarıqları əvvəlcə kafedra tərəfindən, sonra isə rektor baxışında qiymətləndirilir. Ən yaxşı işlər akademiyanın Metodfondu üçün seçilir. Akademiyada doktorantura və dissentantura üzrə də kadr hazırlığı aparılır.