Humanitar və İçtimai fənlər kafedrası

Çoxprofilli, ümumakademik “Humanitar və İctimai fənlər” kafedrası Rəssamlıq Akademiyası yaradılan ildən fəaliyyət göstərir və Akademiyada ali təhsilin bütün səviyyələrində, bütün ixtisaslar üzrə, eləcə də əcnəbi vətəndaşlar üçün hazırlıq kursunda ümumtədris fənlərinin tədrisi ilə məşğul olur.  

Kafedrada Akademiyada kadr hazırlığı həyata keçirilən ixtisasların magistr və bakalavr təhsili səviyyələrinin  tədris planlarına daxil olan fənlər “Tarix”, “Mədəniyyət tarixi və nəzəriyyəsi”, “Azərbaycan dili və nitq mədəniyyəti”, “Yaradıcılıq psixologiyası”, “Mədəniyyətşünaslıq”, “Multikulturalizm”, “Azərbaycan multikulturalizmi”, “Ali məktəb pedaqogikası”, “Arxeologiya”, “Mülki müdafiə”, “Nitqin inkişafı”, “Redaktə işi”, “Mifologiya”, “Din tarixi”, “Xarici dil (İngilis dili və Rus dili)” və s. tədris edilir.

Kafedrada tədris olunan fənlərin proqramları dövlət təhsil standartlarının tələblərinə uyğun hazırlanmış, müvafiq qaydada (ixtisas üzrə təhsil proqramına daxil edilən fənn proqramları Təhsil Nazirliyinin, seçmə fənlər blokuna daxil olan fənlər üzrə proqramlar isə Akademiyanın Elmi Şurasının qərarı ilə) təsdiq edilmiş və nəşr olunmuşdur.

Kafedrada yüksək ixtisaslı professor-müəllim heyəti formalaşmışdır. Belə ki, kafedrada 1  professor, 3 fəlsəfə doktoru-dosent, 3 fəlsəfə doktoru, 5 baş müəllim, 9 müəllim və 8 saathesabı müəllim olmaqla 29 nəfərdən ibarət professor-müəllim heyəti fəaliyyət göstərir. 

Kafedra müntəzəm olaraq elmi-pedaqoji kadr potensialının inkişaf etdirilməsi istiqamətində məqsədyönlü şəkildə işlər aparır. Son 5 ildə kafedranın 4  əməkdaşı dissertasiya müdafiə edərək “Fəlsəfə doktoru” elmi dərəcəsi almılşlar. Eyni zamanda kafedrada tədris prosesinə cəlb olunan yeni müəllimlərin elmi və təcrübə potensialı nəzərə alınır. 

Kafedranın professor-müəllim heyəti müntəzəm olaraq Respublikada keçirilən elmi konfranslarda, simpoziumlarda iştirak edir. Onların məqalələri həm ölkə daxilində,həm də xaricdə müxtəlif elmi jurnallarda nəşr edilir.

Kafedrada aparılan elmi-tədqiqat işlərinin əsas istiqaməti tələbələrin zəruri tədris-metodiki ədəbiyyatla təmin edilməsi istiqamətində qurulmuşdur. Hazırda kafedrada 10 mövzuda elmi-tədqiqat işi aparılır. Tədqiqat işlərinin nəticələri fənlər üzrə dərslik, dərs vəsaiti, metodik vəsait və yardımçı vəsaitlər şəklində hazırlanaraq tələbələrin istifadəsinə verilir. Kafedrada tələbələrin elmi-tədqiqat işlərinin düzgün təşkil edilməsinə də xüsusi diqqət yetirilir, onlar TEC xətti ilə elmi fəaliyyətə cəlb edilir. 

Son 5 ildə kafedra əməkdaşları tərəfindən 11 dərs vəsaiti, 28 metodiki vəsait və xeyli sayda yardımçı vəsait hazırlanımşdır.

Kafedrada aparılacaq elmi-tədqiqat işlərinin tematikasının ali təhsilin modernizasiyası baxımından yeniləşdirilməsi, kafedrada tədris olunan fənlərin mühüm problemlərinə həsr olunmuş aylıq seminarların keçirilməsi nəzərdə  tutulur.

Kafedrada professor-müəllim heyətinin tədris yükünün bölgüsü və tədris prosesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Təhsil Nazirliyinin əmr və sərəncamlarına, kredit sisteminin tələblərinə, Akademiyanın Nizamnaməsinə uyğun olaraq təşkil edilir.

Kafedrada fənlərin tədrisinin müasir tələblər səviyyəsinə yüksəldilməsi, tədris prosesinin yeni formalarının tətbiq edilməsi, İKT-dən səmərəli istifadə edilməsi planlaşdırılır,  tədrisdə ənənəvi vasitələrdən daha effektiv olan elektron dərsliklər və elektron mühazirələrdən istifadə  edilməsinə nail olmaq  istiqamətində  də əsaslı işlər həyata keçirilir. 

Bundan əlavə kafedranın profilinə uyğun mövcud ən yeni dərsliklərin və dərs vəsaitlərinin müəyyənləşdirilərək əldə edilməsi planlaşdırılmışdır. 

Hal-hazırda kafedraya professor Sənubər Əbdülhüseyn qızı MirCəfərova rəhbərlik edir.