İncəsənət tarixi

Akademiyanın “İncəsənət tarixi” kafedrası 2001-ci ildə yaradılmışdır. Kafedranın müdiri sənətşünaslıq üzrə elmlər doktoru, kafedranın professoru Sevil Sadıxovadır. Kafedranın professor-müəllim heyəti 25 nəfərdən ibarətdir, onlardan 12 nəfəri tam ştatda, 2 nəfəri 0,5 ştatda, 7 nəfəri əvəzçilik yolu ilə, 4 nəfər isə saathesabı müəllim kimi çalışanlardır. Kafedrada 4 professor, 10 dosent, 3 baş müəllim, 8 müəllim, 4 elmlər doktoru və 14 fəlsəfə doktoru, 2 Əməkdar incəsənət xadimi çalışır. 

Müəllimlər tərəfindən tərtib olunmuş proqramlara əsasən bakalavr sistemində təhsil alan tələbələr 4 illik, magistratura pilləsində isə 2 il müddətində tədris edilir.

Müəllimlər tədris etdikləri bütün fənlər üzrə tədris proqramı əsasında tədris olunmuş işçi proqramları (sillabus) var. Tədris jurnallarında qeyd olunmuş mövzular fənn üzrə təqvim mövzu planları və tədris proqramlarına uyğundur, tələbələrin davamiyyəti üzrə qeydlər aparılır, onların biliyini cəmi 100 ballıq sistemdə qiymətləndirilir.

Kafedrada tədris olunan fənlərin sayı: bakalavr pilləsi üzrə 24, magistratura üzrə 21-dir. Bütün fənlər üzrə proqramlar tərtib edilmişdir. Fənn proqramları hər 5 ildən bir və ya Akademiyanın tədris planına müvafiq şəkildə yeniləşdirilir. Son 3 il ərzində kafedranın aparıcı müəllimləri tərəfindən 31 fənn proqramı təkmilləşdirilmiş, 14 fənn proqramı isə yenidən yazılmış və Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının qərarı ilə təsdiq olunaraq çap olunmuşdur. Proqramlar aktuallığı ilə seçilirlər, müasir sənətşünaslıq elminin tələblərinə cavab verirlər, hər bir fənnin daha dolğun yiyələnməsinə, təhlil qabiliyyətinin inkişafına imkan yaratmağa qadirdirlər. Fənn proqramlarında mövzular açıqlanmış və semestrlər üçün saat bölgüləri verilmişdir. Yay təcrübəsi işləri üzrə işçi proqram da ayrıca tərtib edilmişdir. 

Kafedrada yerinə yetiriləcək elmi-tədqiqat işlərinin planı və onların yerinə yetirilməsinə aid hesabat yer almaqdadır. Hesabatdan göründüyü kimi bu işlər tam olaraq yerinə yetirilmişdir. Hər bir müəllimin fərdi iş planı, onların hər semestr üçün dərs yükü, metodik yaradıcılıq və elmi tədqiqat işi verilmişdir.

Tədris olunan dərslərin daha dərindən mənimsənilməsi üçün kafedranın müəllimləri tərəfindən son 5 il ərzində 17 ədəd metodik vəsait, dərs vəsaiti və dərslik çap edilmişdir. Metodik vəsaitlər və dərs vəsaitləri Akademiyanın Elmi şurasının qərarı ilə, dərsliklər isə Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının qərarı ilə təsdiq olunaraq çaplarına izin verilmişdir.

Tədris ili ərzində “İncəsənət tarixi” plana uyğun olaraq hər ay iclaslar keçirilir. Bu iclaslarda kafedrada görünən işlərin sənədləşdirilməsi, müəllimlərin dərsə davamiyyəti, sillabusların vaxtında yazılıb kafedraya verilməsi, kafedra və laborantların iş planı, müəllimlərin elmi-tədqiqat işləri, qış və yay sessiyalarının imtahanlarına hazırlıq işləri müzakirə olunur. Kafedrada tələbələrin dərsə davamiyyəti, kurslarda ümumi vəziyyət, tədris ilinin yekunu, bakalavr və magistraturada tələbələrin diplom müdafiəsindən öncə və diplom işi haqqında məlumat, istehsalat təcrübəsi və imtahan sessiyasının yekunları və s. kafedranın iclaslarında müzakirə  edilir və protokollaşdırılır.

Açıq dərslər hər ay fakültə dekanının və kafedra müdirinin iştirakı ilə keçirilir. Prezentasiya şəklində keçirilən dərslərin mövzuları, sənətşünaslığın müxtəlif yaradıcılıq problemlərini tam olaraq əhatə etməkdədir. Kafedra iclasında onların nəticələri müzakirə olunaraq tövsiyələr edilir və bütün bu məsələlər protokollarda əks etdirilir.

Tələbələrin sərbəst işləri, referatlar tələblərə uyğun hazırlanır. Kafedrada tədris olunan fənlər üzrə kitabxanadakı fond mütəmadi olaraq kafedra müəllimlərinin hazırladığı metodik və tədris vəsaitləri, dərsliklər vasitəsi ilə təkmilləşdirilir. 

Hər bir müəllimin şəxsi qovluğunda onların hər semestr üçün dərs yükü, metodik yaradıcılıq və elmi-tədqiqat işlərinin hesabatı saxlanılır. 

Kafedranın müəllim heyəti pedaqoji fəaliyyətlə yanaşı elmi-tədqiqat işləri ilə də geniş məşğul olur. Hər bir tədris ilində kafedranın ştatda olan müəllimləri, iki ildən bir yarımştat müəllimləri 1 çap vərəqi həcmindən az olmamaq şərtilə elmi-tədqiqat işləri hazırlayırlar. Elmi-tədqiqat işlərinin mövzuları kafedra iclaslarında müzakirə olunur, onların aktuallığı və elmi yeniliyi müəyyən olunduğundan sonra təsdiq olunur. Hər yeni tədris ilinin əvvəlində ötən tədris ilində hazırlanan elmi-tədqiqat işləri kafedraya təhvil verilir, hər bir tədqiqatın qiymətləndirilməsi üçün 2 rəyçi təyin olunur (bir rəyçi kənar müəssisədən olmaq şərtilə). Kafedrada müzakirə olunmuş hər bir elmi-tədqiqat işi üzrə kafedranın çıxarışı tərtib olunur və bütün sənədlər (elmi-tədqiqat işi, iki rəy, kafedranın çıxarışı) toplu halına salınaraq Akademiyanın Elm şöbəsinə təhvil verilir.

Kafedranın müəllimləri daima Respublikada və xaricdə nəşr olunan nüfuzlu elmi-tədqiqat toplularda məqalələrlə çıxış edirlər. Son 5 ildə 73 məqalə respublika daxilində, 18 xaricdə nəşr olunan nüfuzlu jurnallarda çap olunmuşdur. 

Kafedra müəllimləri mütəmadi olaraq Respublika və Beynəlxalq elmi konfranslarda və simpoziumlarda iştirak edirlər. Son 5 ildə kafedranın aparıcı müəllimləri respublika daxilində keçirilən 7 konfrans və simpoziumlarda, xaricdə keçirilən 29 Beynəlxalq konfransda iştirak etmişdilər.   

Son 5 ildə kafedranın müəllimləri tərəfindən 32 monoqrafiya çap edilmişdir. Onlardan 8 monoqrafiya Heydər Əliyev Fondunun sifarişi ilə “Şərq-Qərb” nəşriyyatında, 5 monoqrafiya Xalq Bankın dəstəyi ilə, bir kitab Azərbaycan Xalça Muzeyinin sifarişi və dəstəyi ilə, qalanları Mədəniyyət və Turizm Nazirliyinin sifarişi və dəstəyi ilə nəşr edilmişlər. Azərbaycan Mili Elmlər Akademiyasının sifarişi və dəstəyi ilə çap olunmuş “İçəri şəhər” adlı monoqrafiya (Azərbaycan və rus dillərində) 2016-cı ildə Dövlət mükafatına təqdim olunmuşdur.

Kafedrada tədris prosesinin təşkili tədris planına uyğun aparılır. Təhsilalanların fəallığını artırmaq məqsədilə yeni təlim texnologiya və metodlar tətbiq edilir, mühazirə auditoriyalarında video avadanlıqdan (proyektor) geniş istifadə olunur. Kafedranın kompüter təminatı yaxşı vəziyyətdədir.

Bakalavr səviyyəsində təhsil alan tələbələr tədrisin sonunda dövlət imtahanı verirlər. 5 sualdan ibarət olan imtahan biletlərinin sonuncu sualı hər hansı bir incəsənət əsərinin təhlilinə həsr olunur ki, bu da gələcək sənətşünasların həmin əsərlərin müəllifi, yaranma tarixi, işlənmə üslubları, və s. haqda müstəqil fikir söyləmək, sənətşünaslıq təhlili aparmaq bacarığını üzə çıxarmağa imkan verir.  

Magistr pilləsində təhsil alan tələbələrin magistr dissertasiyaların mövzuları standartlara və tədris planlarına uyğundur, sənətşünaslıq elminin müasir tələblərinə müvafiq seçilir. Magistr tələbələrin mövzu seçimi kafedranın aparıcı müəllimlərinin tərtib etdiyi mövzular bankından aparılır və tələbələrə mövzu seçimində tam sərbəstlik verilir. Magistr dissertasiyası işinə rəhbərliyə görə hər bir rəhbərə təhkim olunan magistrantların sayı mövcud normalara uyğun olaraq 5 nəfərdən artıq deyil. Rəhbərlik işi nüfuzlu, təcrübəsi olan müəllim-professor heyətinə tapşırılmışdı.  

Magistr dissertasiyalarının müdafiəsi elmi rəhbərlərin və opponentlərin müsbət rəyləri olduqda, kafedranın aparıcı müəllimləri və xarici müəssisədən dəvət olunmuş alimin – sədrin başçılığı ilə tərtib olunmuş imtahan komissiyası qarşısında keçirilir. 

Akademiyanın doktorantura pilləsində təhsil alan və kafedraya təhkim olunan doktorantlar və dissertantlar hər il kafedra tərəfindən akkreditasiyadan keçirilir, tədrisin sonunda AAK-ın tələblərinə uyğun tərtib olunmuş dissertasiyalar kafedrada ilkin müzakirədən keçərək növbəti mərhələyə buraxılır. Kafedranın aparıcı müəllimləri həm həmin kafedra iclaslarında, həm də Akademiyanın FD.02.191 saylı Dissertasiya şurasının Elmi Seminarında və Dissertasiya Şurasında uğurla təmsil olunublar. 

Son 5 ildə kafedrada dərs deyən müəllimlərin keyfiyyət baxımından tərkibi inkişaf dinamikası üzrə yüksəlmişdir. Bu illər ərzində kafedranın 7 müəllimi dissertasiyalar müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə, 8 müəllim dosent  adına layiq görülmüşlər. 2017-2018-ci tədris ilində Akademiyanın Sənətşünaslıq fakültəsinin məzunu olan 3 nəfər kafedrada yarımştat, 1 nəfər saathesabı müəllim kimi fəaliyyətə başlamışlar. 

Fakültənin məzunlarının bir çoxu kafedranın rəyi əsasında müxtəlif müəssisələrdə işlə təmin olunublar. Belə ki, Azərbaycan Dövlət Rəsm Qalereyasında 4 nəfər (1 nəfər şöbə müdiri, 3 – elmi işçi), 1 nəfər Zaqatala Dövlət Rəsm Qalereyasında direktor vəzifəsində, Azərbaycan İstiqlal muzeyində elmi işçi, Muzey Mərkəzində 2 nəfər elmi işçi, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda və s. müəssisələrdə çalışırlar. Təkcə 2015-ci ildə məzun olan 4 nəfər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin “Təsviri sənətin tarixi və nəzəriyyəsi” kafedrasında müəllim kimi işə başlamışlar. 

Son 5 ildə kafedranın 4 müəllimi Azərbaycan Müəllimlər İnstitutunda “İxtisaslaşma” kurslarında iştirak etmişlər.     

Beləliklə, 2011-ci ildə ADRA-da keçirilən son akkreditasiya ilə müqayisədə kafedranın professor-müəllim heyətinin tərkibi peşəkarlıq baxımından yüksəliş dinamikası üzrə artıb. Bu artım əsasən kafedra müəllimlərinin öz üzərində çalışmaları, dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi ada layiq görülməsi və professor və dosent dərəcəsinə yüksəlməsi ilə bağlıdır. Eyni zamanda kafedranın tərkibi Akademiyanın “Sənətşünaslıq” fakültəsinin fərqlənmə diplomu ilə bitirən və ixtisas üzrə müəyyən iş təcrübəsinə malik olan gənclərlə yeniləşir. 

Son 5 ildə kafedrada yerinə yetirilmiş və müvəffəqiyyətlə müdafiə olunmuş 30-dan artıq dissertasiya işi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təsdiqini almışdır. 

Kafedra müəllimlərinin metodik və elmi-yaradıcılıq işlərinin sayı əhəmiyyətli dərəcədə artıb. Professor-müəllim heyəti tərəfindən işlənən monoqrafiyaların əksəriyyəti müxtəlif Dövlət qurumlarının sifarişi ilə yerinə yetirilmişdir. 

SEVİL YUSİF qızı SADIXOVA
sənətşünaslıq üzrə elmlər doktoru, ADRA-nın “İncəsənət tarixi” kafedrasının müdiri və professoru