Новости

15 Nov

Новость

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan abidənin açılış mərasimi keçirilib.

Tədbirdə Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Milli Məclisin bir sıra deputatları, Müdafiə nazirinin müavini Kərim Vəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, səfirlik nümayəndələri, Xalq rəssamı ,Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov və bir sıra fəxri qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan Etibar Nəcəfov bildirib ki, Albert Aqarunovun həyat yolu hər bir gənc üçün örnəkdir və onun xatirəsi həmişə Azərbaycanı sevən insanların qəlbində yaşayacaq. Müdafiə nazirinin müavini Kərim Vəliyev bildirib ki, Albert Aqarunov qısa, lakin dəyərli ömür yaşayıb: "Albert hər gün ölümün üzünə dik baxıb. Bunun özü bir şücaətdir. Albertin harada doğulması, hansı milliyyətdən olması önəmli deyil.

Açılış mərasimində iştirak etmək üçün İsraildən Bakıya gəlmiş Milli Qəhrəman Albert Aqrunovun qardaşı Rantik Aqarunov qardaşını unutmadıqlarına görə Azərbaycan hökumətinə və xalqına minnətdarlığını bildirib.

Heykəlin kompozisiyası rektorumuz heykəltaraş akademik Ömər Eldarova məxsusdur. Xatırladaq ki, A.Aqarunov 25 aprel 1969-cu ildə Bakının Əmircan qəsəbəsində, yəhudi ailəsində anadan olub. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikasını məhv edib. A.Aqarunov 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında şəhid olub. Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Bu il şəhidin 50 illik yubileyidir.