Xəbərlər

27 Nov

Xəbərlər

Yeni Azərbaycan Partiyasının qərargahında sərgi açılıb

Noyabrın 27-də Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş gənc rəssamların sənət əsərlərindən ibarət sərgi açılıb.
YAP və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə reallaşan sərgidə akademiyanın tələbələrinin 20-dən çox rəsm əsəri nümayiş olunur.
Tədbirdə YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Nəsimi ili” çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda təşkil edilən tədbirlərdən söz açıb. 
Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı Ömər Eldarov Nəsiminin 650 illiyi münasibətilə reallaşan tədbirlərin əhəmiyyətindən bəhs edib. Bu il Nəsimi ilə bağlı ölkəmizdə çoxsaylı sərgilərin açıldığını deyən Ö.Eldarov ölkə başçısının mədəniyyətə göstərdiyi diqqət və qayğıdan söz açıb.
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Nəsimi yaradıcılığının Azərbaycanda son 60 ildə öyrənilməyə başlandığını bildirib. V.Əliyev deyib ki, Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamları bu böyük şəxsiyyətin yaradıcılığını, ədəbiyyatımıza verdiyi böyük töhfələri yenidən dərk və təhlil etmək üçün fürsət yaradıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə Nəsiminin 600 illik yubileyinin UNESKO səviyyəsində qeyd edilməsi Azərbaycan mədəniyyəti tarixində əhəmiyyətli hadisəyə çevrilmişdi. Dahi şair ilə bağlı əsərlər yazıldı, filmlər çəkildi, küçələrə onun adı verildi. Bu il ölkə başçısının müvafiq sərəncamlarına uyğun olaraq həm ölkəmizdə, həm də xaricdə müxtəlif tədbirlərin, sərgilərin, ədəbi-bədii axşamların təşkil edildiyini, kitabların çap olunduğunu söyləyən nazir müavini qeyd edib ki, hazırda YAP-da Nəsimi yaradıcılığına həsr edilmiş sərgisinin açılması bu qəbildən olan tədbirlərdəndir.
Tədbir çərçivəsində sərgidə əsərləri nümayiş edilən gənc rəssamlar diplomlarla təltif olunublar.