Xəbərlər

17 dek

Xəbərlər

Səttar Bəhlulzadənin 110 illik yubileyinə həsr olunmuş konfrans

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Səttar Bəhlulzadənin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. 16 dekabr 2019-cu il tarixində keçirilən konfransın açılışını Elmi və yaradıcılıq işləri üzrə prorektor, professor, Xalq rəssamı Fuad Salayev edərək, konfransın məqsədi və əhəmiyyəti haqqında məlumat verdi. Daha sonra Əməkdar incəsənət xadimi,İncəsənət tarixi” kafedrasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Alxan oğlu Əliyev, “İncəsənət tarixi” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Qismət oğlu Sadıqov və “Sənətşünaslıq” fakültəsinin I kurs magistr tələbəsi Hümbətli Vüsalə çıxış etdilər.

Konfransda Ziyadxan Əliyev Səttar Bəhlulzadə yaradıcılığında sənətkarlıq məsələləri” adlı çıxışında görkəmli mənzərə ustasının Azərbaycan incəsənətində əvəzedilməz bədii irsi haqqında danışdı və rəssamla bağlı xatirələrini bölüşdüSamir Sadıqov öz çıxışında Azərbaycan heykəltəraşlığında yaradılan S.Bəhlulzadənin obrazlarının bədii-estetik xüsusiyyətlərindən bəhs etdi. Hümbətli Vüsalə “S.Bəhlulzadənin yaradıcılıq yolu” adlı mühazirəsində əsərlərində Azərbaycanın təbiətinin gözəlliyini tərənnüm edən rəssamın bədii fəaliyyətindən danışdı.Tədbirin sonunda S.Bəhlulzadəyə həsr olunmuş video çarx da nümayiş olundu.