Xəbərlər

11 sen

Xəbərlər

Rektor Akademik Ömər Eldarovun "Respublika" qəzetinə müsahibəsi

Sizə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru akademik Ömər Eldarovun Respubıika gazetinin 11 sentyabr 2020 il nömrəsinə verdiyi müsahibəni təqdim edirik.

 
Mükəmməl təhsil, inkişaf etmiş  mədəniyyət qüdrətli  ölkənin  təminatıdır
 
 Bu günlərdə əməkdaşımız respublikamızda bütün təsviri sənət  növləri üzrə professional  kadrlar hazırlayan,rəssamlıq üzrə ilk ali təhsil müəssisəsi olan   Azərbaycan Rəssamlıq Akademiyasında olmuş , Azərbaycan təsviri sənətinin  inkişafında  mühüm rol oynamış, dərin məzmunlu monumental əsərləri ilə Azərbaycan  heykəltaraşlıq   məktəbini zənginləşdirmiş,heykəltaraşlıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı,Azərbaycan  Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan  Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovla gorüşüb söhbət etmişdir. Həmin söhbəti oxucularımıza təqdim edirik.
  --- Ömər müəllim, sizinllə yeni dərs ili ərəfəsində görüşürük. Bu münasibətlə sizi və bütün müəllim- tələbə kollektivinizi təbrik edirik.                                                           Gəlin , söhbətimizə bir neçə ay əvvəldən başlayaq. Ötən dərs ilinin ikinci yarısında dünyanı lərzəyə gətirən pandemiya səbəbindən bütün sahələrdə olduğu kimi təhsil sahəsində də  müəyyən problemlər yarandı. Orta və ali təhsil müəssisələrində  onlayn və distant dərs rejimi tətbiq edildi. İmtahan sessiyası onlayn aparıldı .Bu kimi problemlər Rəssamlıq Akademiyasında öz həllini necə tapdı.
  Əvvəla onu qeyd edim ki,  Operativ Qərargahın tövsiyyələrinə uyğun olaraq bütün təhsil  müəssisələrində olduğu kimi  Rəssamlıq Akademiyasında da  dərslər onlayn rejimə keçirildi. Deyilən qaydalara tamamilə riayət edərək  yay imtahan sessiyasını başa vurduq. Lakin açığını desəm, onlayn rejimdə tədrisin keyfiyyəti qənaətbəxş olmadı. Belə ki, tələbələrin bir qismi dərslərdən yayındı, bir qismi dərslərə həvəssiz yanaşdı, hətta akademik məzuniyyət götürmək istəyən tələbələr də oldu. İmtahan sessiyasında isə tələbə hec bir iş təqdim etmədən əvvəlki sessiyanın nəticələri  ilə qiymətləndirildi. Bu da ümumilikdə tədrisin keyfiyyətinə öz mənfi təsirini göstərdi.Bizdə isə bu özünü daha qabarıq göstərdi. Bilirsinizmi, Rəssamlıq Akademiyasında təhsil alan tələbə  digər universitetlərdə  təhsil alan tələbədən fərqli olaraq yaradıcı insandır. Axı ,onlayn təhsili yaradıcılıq sahəsinə necə tətbiq etmək olar. Bununla bağlı mən Nazirlər Kabinetinə  və Təhsil Nazirliyinə müraciət etdim. Bildirdim ki, bizdə ixtisas qruplarında çox az sayda tələbə təhsil alır. Məsələn , heykəltaraşlıq ixtisası üzrə qrupda tutaq ki, 5 tələbə təhsil alırsa  Operativ Qərargahın qaydalarına tam riayət edərək distant təhsil tətbiq etməklə tədrisi davam etmək olar.Çox təəssüf kı,təklifimə müsbət cavab almadım. Buna baxmayaraq  bacardığımız qədər  tələbələri onlayn  dərslərə cəlb edərək  ruhdan düşməməyə ,imtahanları məsuliyyətlə verməyə , problemləri birlikdə həll etməyə nail olmağa çalışdıq.
    -- Artıq yeni dərs ili başlayır.İstərdim kı, qəbulun nəticələri və eyni zamanda ye ni tədris ilinə hazırlıqla bağlı məlumat verəsiniz. Bu tədris ilində Akademiyada yeni ixtisaslar açılıbmı,ümumiyyətlə tələbələri hansı yeniliklər gözləyir.
      Xeyir, yeni ixtisaslar açılmayıb, elə bir yenilik də gözlənilmir . Mövcud şəraitə uyğun  olaraq tədris ilinə baslayacağıq . Qəbulun nəticələrinə gəlincə isə həmişə olduğu  kimi  təkcə  rektor kimi deyil ,eyni zamanda  bir incəsənət adamı   kimi    məni narahat edən məsələ bu il də öz həllini  tapmadı.  Mən dəfələrlə bildirmişəm ki, rəssam, heykəltaraş, musiqiçi və s. olmaq istəyən tələbənin DİM imtahanından yüksək bal toplaması o qədər də vacib deyil. İlk olaraq tələbənin qabiliyyəti yoxlanmalıdır və qabiliyyət imtahanlarından əvvəl mütləq seçim turu keçirilməlidir. Əvvəllər bu prosedur var idi lakin 2016- cı ildən nədənsə ləğv olundu . Qabiliyyət imtahanına əl qabiliyyəti çox zəif və ya heç olmayan abituriyentlər iştirak etməyə başladı.
Bir fikrimi də bildirmək istəyirəm ki, bizim Akademiyanın nəzdində İncəsənət Kolleci  fəaliyyət göstərir. Dövlət İmtahan Mərkəzinin keçən il olduğu kimi, bu il də keçirilən qabiliyyət imtahanları zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 230 nömrəli Qərarının 3.5 bəndinə əsasən kolleci bitirən subbakalavrlar müsabiqəyə 60 balla və qabiliyyət imtahanlarının nəticələrinə əsasən yalnız ümumi abituriyentlər yerləşdirildikdən sonra Ali məktəblərə boş qalan yerlərə müsabiqəyə buraxılacaqlar. Bu zaman Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəznində olan, dövlət büdcəsi tərəfindən maliyyəşdirilən İncəsənət Kollecinin fəaliyyəti sual altında qalır. Axı İncəsənət Kolleci bizim baza mühəssisəmizdir və kolleci bitirən subbakalavrlar növbəti etapda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olacaqlar. Buna görə də, məncə, tam əksinə olaraq, subbakalavrlar müsabiqəyə ilk növbədə buraxılmalıdırlar. Hətta mən belə bir təkliflə də Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinə müraciət etmişdim ki, İncəsənət Kollecini bitirən subbakalavrlar eyni ixtisas üzrə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olunarkən ümumiyyətlə qabiliyyət imtahanı verməsinlər. Lakin bu təklifim mənə məlum olamayan səbəbdən qəbul edilmədi. Onu da bildirirəm ki, dünyanın heç bir ölkəsində yaradıcı ixtisaslar üzrə kolleci bitirən subbakalavrlar eyni ixtisas üzrə ali məktəbə daxil olarkən qabiliyyət imtahanı vermirlər
 
.
--- Dünya  universitetləri  demişkən,Rəssamlıq Akademiyasında  beynəlxalq  əlaqələr necə qurulur. Xarici ölkələrin universitetləri ilə tələbə mübadiləsi aparılırmı  
    Akademiyanın dünyanın bir çox tanımış universitetləri ilə geniş əlaqələri var. Bəli, tələbə mübadiləmiz də olur.Müəllimlər də dəvət edirik. 2019-2020-cu tədris ilində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına müxtəlif ixtisas və pillələr üzrə 122 nəfər əcnəbi tələbə qəbul olub.Hazırda  Akademiyada 206 nəfər əcnəbi tələbə təhsil alır. Tələbələrin təhsili, davamiyyəti, ölkədə  yaşama icazəsi və şəraiti daimi olaraq Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları tərəfindən yoxlanılır və nəzarətdə saxlanılır. Keçən  dərs ili ərzində Akademiya Rusiya Federativ Respublikası, Çin Xalq Respublikası, Almaniya Federativ Respublikası, Türkiyə Cümhuriyyəti, Misir Ərəb Respublikası, Latviya Respublikası, İtaliya, Hindistan, Qırğızıstan, Şimali Kipr və Serbiya  ilə əməkdaşlığın nəticəsi olaraq bir çox sərgi və layihələri həyata keçirib. Demək olar ki, hər tədris ilində bir neçə xarici ali təhsil müəssisələri və mədəniyyət mərkəzləri ilə yeni əməkdaşlıq müqavilələri bağlanılır. Bununla yanaşı Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri  ilə mütəmadi olaraq görüşlər keçirilir, qarşılıqlı əməkdaşlıq  mövzusunda  müzakirələr aparılır.
Ötən dərs ilində “Almaniya - bir rəssamın gözü ilə”  sərgisinin qalibləri və Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları  Berlinə səfər etdilər. Səfər çərçivəsində Akademiyanın nümayəndələri Berlin Vaysense Akademiyası ilə  gələcək əməkdaşlıq barədə müzakirələr aparmış , Akademiyanın tədris prosesi ilə tanış olmuşldular. Görüşün nəticəsi olaraq ADRA və Berlin Vaysens Akademiyası arasında əməkdaşliq müqaviləsi baglanıldı.  
2019-cu  tədris ilində Beynəlxalq Əlaqələr şöbəsinin təşəbbüsü ilə Almaniyanın Berlin şəhərində “Qgallery - Berlin” qalereyasında Xocalı soyqırımına həsr olunmuş sərgi keçirildi. 9 nəfər tələbə və 6 nəfər  işçi heyətinin iştirak etdiyi sərgidə Akademiyanın 40-a yaxın tələbəsinin əl işi sərgiləndi. Elə həmin il Serbiyanın paytaxtı Belqradda Dünya İncəsənət Oyunları (DİO) Beynəlxalq Rəssamlıq Təşkilatının təşkilatçılığı ilə V Beynəlxalq festival keçirildi. Festival çərçivəsində mühazirələr, dəyirmi masalar,  ekskursiyalar  təşkil olunmuş, təcrübə mübadiləsi aparılmışdı. Festivalda iştirak etmək üçün təşkilat tərəfindən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına  dəvət məktubu  göndərilmişdi. Tələbələrdən ibarət nümayəndə heyətimiz festivalda  Akademiyanı təmsil edərək  əl işlərindən ibarət rəsmləri sərgiləmişdilər. Tədbirdən sonra isə Dünya Oyunları Təşkilatının rəhbərliyi tətəfindən Akademiyaya festivalda fəal iştirakı üçün   təşəkkür məktubu ünvanlamış və Alman rəssamı İnga Shmit "Rəngkarlıq" ixtisasının tələbələrinə master-klas keçmişdi. Bir həftə  ərzində master-klasda iştirak edən fəal tələbələrə sertifikatlar verilmişdi
  Akademiyanın  “Mevlana Değişim” proqramı çərçivəsində  əməkdaşlıq etdiyi Qazi Universiteti ilə müqavilənin müddəti daha beş il müddətinə uzadılıb.  Akademiyanın  bir neçə tələbəsi mübadilə proqramı çərçivəsində xarici ölkə universitelərtində bir illik təhsil alma haqqı qazanıblar.
  Onu da qeyd edim ki, "British Council"ın nümayəndəsi ilə ğörüşərək təşkilat tərəfindən həyata keçirilən layihələrdə iştirakımız barədə müzakirələr aparmışıq. Artıq British Councilin təşəbbüsü ilə həyata keçirilən "Creativ Spark"- yəni "Yaradıcılıq sıçrayışı" layihəsinə qoşulacağıq. Layihənin məqsədi gənclərin kölgədə qalan bacarıqlarını üzə çıxartmaq və inkişaf etdirməkdir. Layihə çərçivəsində Böyük Britaniyanın Malbro Kolleci ilə əməkdaşlığa da start verilib.
   Bu istiqamətdə görülən işləri sadalamaqla bitən deyil. Bir  sözlə, qeyd etmək istəyirəm ki,  Azərbaycan  Rəssamlıq Akademiyası  milli təhsilimizin dünya təhsil sisteminə inteqrasyası istiqamətində uğurlu layihələr həyata  keçirir.Əminəm ki, görülən işlər yaxın gələcəkdə  Azərbaycan mədəniyyətinə,incəsənətinə öz töhfəsini verəcək.
     --- Bildiyimiz kimi  Azərbaycan Prezidenti, ümummilli lider, ulu öndər Heydər  Əliyevin  Sərəncamı ilə  Azərbaycan Rəssamlıq Akademiyası 2000-ci ildə yaradılıb. Bu il Akademiyanın 20 yaşı tamam oldu .20 il ərzində təsviri sənətimizdə milli kadrların  yetişməsində , mədəniyyət  və incəsənətimizin inkişafında  əvəzsiz rol oynayan Rəssamlq Akademiyasinda yaxın  gələcəkdə görüləcək işlər barədə .
  Azərbaycan Dövlət Rəssamlıq Akademiyası dizayn ,rəsm,teatr dekorasiyası  sənəti , qrafika kimi ixtisaslar üzrə  mütəxəssislərin aparıcı ali məktəbdir.Müasir rəssamlıq sənətinin elə bir sahəsi yoxdur ki, bu sahədə mütəxəssis hazırlanmasın.   Ölkə  başçısı  cənab İlham Əliyevin  incəsənətimizə, mədəniyyətimizə göstərdiyi  diqqət və qayğının nəticəsində Akademiyamız  ildən-ilə genişlənir. Zamanın tələbinə uyğun yeni ixtisaslar açılır,inkişaf etmış ölkələrin təcrübələrini tədris sistemimizə tətbiq edirik. Bu gün ölkəmizdə gedən  böyük quruculuq işləri  bizim kadrlara ehtiyacın artdığını bir daha təsdiq edir. Odur ki, pedaqoji kollektivimiz    gənc  rəssamların yetişməsi , onların  ixtisas fənlərini  daha yaxşı mənimsəmələri  üçün əllərindən gələni əsirgəmirlər . Çünki mükəmməl təhsil, inkişaf etmiş mədəniyyət  qüdrətli ölkənin təminatıdır. Çalışacağıq ki, bizə göstərilən  etimadı dogruldaq  və Azərbaycan  Rəssamlıq Akademiyasının adını nəinki ölkəmizdə  , bütün dünyada tanınmış təhsil ocaqları siyahısına salaq.
----Ömər müəllim, səmimi söhbətə görə Sizə təşəkkür edir ,yeni tədris ilində  nailiyyətlər arzulayırıq.